Tərləmək insan üçün normal haldır və tərləməyən insanlar toksinləri bədənlərində toplamış olur. Bu isə orqanizmin yüklənməsinə, dəri təravətinin itirilməsinə səbəb olur. Lakin elə hallar olur ki, məhz bu zaman tərləmək heç də sağlamlıq üçün göstərici olmur. Bəzən tər insan bədənində hər hansı bir problemin siqnalı kimi özünü göstərir. Belə olan halda, artıq tərlə mübarizə aparmaq deyil, onun səbəblərini axtarmaq lazımdır. Bu hallardan biri də əllərdə olan kəskin tərləmədir. Toxunulan əşyalarda su damcılarının qalması, əli salfetlə sildikdə salfetin islanması, eləcə də tərin əlləri üşüdəcək qədər artması – əllərin bu cür tərləməsinə səbəb nədir ?
Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən dermatoloq Zakir Abiyev bildirib ki, əllərdə tərləmənin əsas səbəblərindən biri həddindən artıq əsəb və stresdir:
“Bu hal, həddindən artıq əsəb, stres, narahatlıq kimi hallarda psixoloji olaraq, baş verir. Xüsusilə, əl sıxma zamanı diskomfort hissi yaşadır. Bədənin istilik tarazlığını qorumaq baxımından tərləmə mühüm şərtdir. Ancaq bu, həddindən artıqdırsa, problem var. Ən sıx tər vəziləri ovuclarda yerləşir. İlk növbədə, stres, həyəcan və ya qəzəb zamanı əllərdə müşahidə olunur. Eyni zamanda çox vaxt ayaqlar, bəzən qoltuq altları və üz (baş) nahiyəsində də ola bilər. Digər səbəblərinə bir anlıq əhval dəyişikliyi, istilik, hərəkət etmə, şiş, podaqra xəstəliyi, piylənmə, şəkərli diabet, civə zəhərlənməsi, qalxanabənzər vəzinin həddindən artıq işləməsi, menopoz, psixoloji pozğunluqlar, hamiləlik, yoluxucu xəstəliklər, ürək çatışmazlığı, hipoqlikemiya, narkotik, spirt aiddir. Bu kimi hallarla qarşılaşan vətəndaşların həkimə müraciət etməsi məsləhətdir”